Bir kafedə oturursan. Yan masada iki nəfər müzakirə edir, hətta deyərdim, hərəsi öz mikrofonu ilə səhnədə çıxış edirmiş kimi danışır. Biri deyir: "Səni anlayıram". O biri də cavab verir: "Mən də səni anlayıram". İndi özünə sual verirsən: Bu adamlar həqiqətən anlayırlar, yoxsa anlamış kimi davranırlar? Əslində heç kim danışanın nə dediyini eşitmək istəmir, amma cavab verməyə hamı hazırdır.
Bu, sadəcə kafedə gördüyümüz mənzərə deyil, həyatın hər yerinə sirayət etmiş bir paradoksdur. Çoxumuz əslində qarşıdakı insanı anlamaq üçün yox, ona ağıllı bir cavab vermək üçün dinləyirik. Hələ bir də “mən sənə demişdim” cümləsi var ki, bu, artıq sosial münasibətlərin atom bombasıdır. Mübahisə hələ qızışmamışdan onunla bitir ki, sən heç baş verməyən mükəmməl bir dialoqda haqlı çıxasan. Oyun belədir: biri mikrofonu götürür, danışır, sonra qısa bir fasilədə o biri dərhal mikrofonu qapıb cavab verir. "Anlamaq" bu oyunun qaydalarında yoxdur. Hamı nokaut üçün bir-birini gözləyir, amma əksər hallarda nəticə heç-heçə bitir - hər kəs haqlı olduğuna inanaraq gedir.
Məsələn, sosial media bu hadisənin zirvəsidir. Orada hamı danışır, yazır, mübahisə edir. Lakin heç kim oxumaq, anlamaq üçün maraq göstərmir. Bir status yazılır və şərhlər partlayır, sanki hamı əvvəlcədən şərhini hazırlayıb gözləyirmiş. Dialoqun qalmadığı yerdə anlayışdan danışmaq olmaz, düzdürmü?
Hərdən düşünürəm ki, uşaqlıqda bizə hər zaman "dinlə" deyirdilər. "Böyükləri dinlə", "Müəllimə qulaq as", "Nə deyirəm, dinlə". Bəlkə də, əsas problem buradan başladı. Bizə dinləməyi öyrətmək əvəzinə, anlamağı öyrətsəydilər, indi bəlkə də münasibətlərimizdə bu qədər xaos olmazdı. Dinləmək sadəcə qulaqların prosesidir. Anlamaq isə qəlbin işidir, beynin açarlarını çevirməyi tələb edir. Bu gün isə nəticə göz qabağındadır: münasibətlərdə anlaşılmamaq, iş yerində anlaşılmazlıq, sosial mediada kaos. Hər kəs danışır, heç kim susmur, çünki hamı cavab vermək üçün səbrsizdir. Amma kimsə soruşmur: “Bəlkə bir az da sussam, nə deyildiyini başa düşərdim?” Axı dialoqun əsas məqsədi qələbə deyil, anlaşılmaqdır.
Bu dünyada əsl dərin dialoq üçün yer yoxdur, amma istənilən vaxt mübahisə edə bilərik. Bəli, cəmiyyət olaraq danışmağa aludə olmuşuq, amma heç kimin bir şey anlamağa həvəsi yoxdur. Məsələn, siz bu yazını sona qədər oxusanız, bəlkə də nə demək istədiyimi anlayacaqsınız. Amma qorxuram ki, siz də oxumaq yox, cavab vermək, səhv tapmaq üçün burdasınız...