Türkiyənin paytaxtı Ankarada 28 May - Müstəqillik Günü münasibətilə “Can Azərbaycan” adl proqram və şənlik keçirilib.
“Rerort”un Ankara bürosundan verilən məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə (TADİV) Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü qeyd olunub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Ankara ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində keçirilən tədbirdə TADİV sədri Aygün Attar ölkəmizin müstəqillik yolundan söz açıb.
“Məhz 1918-ci ildə Azərbaycanda irqindən, dinindən, məzhəbindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi. İqtisadiyyat, təhsil, dini etiqad və vicdan azadlığı sahələrində islahatlar aparılmaqla ölkə tarixində ilklər əldə olunub. Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkə olub”.
“Müstəqillik günü” şənliyində Azərbaycan musiqiləri və rəqsləri ifa olunub.