Təxminən bir saatdır dönərdən xəbər-ətər yoxdur. Aclığın əlinə bel alıb mədəmin divarlarını qazıdığını görüb restorana zəng edirəm. Dəstəyi götürürlər:
- "Ən möhtəşəm dönər" restoranı, buyurun!
- - Elə bir az əvvəl sifariş verəndə zəngi açan həmin oğlan idi. Səsindəki minnət tonundan tanıdım. Hə, vallah, elə minnətlə, özünü dartaraq danışır, elə bil demək istəyir ki, ay kasıb, yenə dönər-ayran üçün zəng eləmisən?! Yüngülvari öskürüb səsimi təmizlədim:
- - Qardaş, salam! Mən bayaq dönər sifariş vermişdim.
- - Aha... - yenə eyni səs tonuyla dedi. İstədim deyəm ki, zəhrimar aha, çor aha! "Bayaq dönər zakaz vermişdim" cümləsindən sonra mən danışmağa davam eləməli deyiləm ki, sən danışmalısan. Nə "aha"?! Dişimi sıxıb davam elədim:
- - Toyuq dönəri demişdim, çörəkdə.
- Yenə dedi: - Aha... Beynim tamamilə çöndü: - Bir saat əvvəl sifariş vermişəm, ey insan! Bir saat! Nə aha?! "Bir saat" deyərkən elə hiddətlə dedim, elə bil, bir ay, bir il, bir əsrdir. Dedim ki, dəstəyi orda başqa kim varsa, ona ver. Elə bunu demişdim ki, dəstəyin o tərəfindən bir xanımın səsini eşitdim. Çox diri, gözəl səsli bu xanım da eyni cümlə ilə başladı:
- - "Ən möhtəşəm dönər" restoranı, buyurun! Əsəbim bir az sakitləşdi, daha mülayim səslə danışmağa başladım. Mədəmdəki qazıntı işləri də qısa müddətlik dayandırıldı.
- - Xanım, salam! Mən bayaq dönər sifariş eləmişdim.
- - Salam, müəllim! Nə dönəri? Müəllim sözünü elə incəliklə dedi ki, aclığım, dönər, ayran, mayonezinin bol olması məsələsi - hamısı yadımdan çıxdı. Hara, niyə zəng elədiyimi unutdum. Çaşıb özüm də sualı təkrarladım:
- - Nə dönəri? - Müəllim, soruşuram, nə dönəri sifariş eləmişdiz?
- - Qız şən səslə dedi. - Hə, həəəə... Toyuq dönəri, çörəkdə. Mayonezi bol, acısı da. Yanında da ayran...
- - Nə vaxt sifariş eləmişdiniz, müəllim? - eyni incəliklə soruşdu. - Bir saat əvvəl. - Özümdən asılı olmadan "bir saat" deyərkən yenə elə dedim, elə bil bir-iki saniyə qabaq sifariş vermişəm Qızdan qəfil gözləmədiyim cavab gəldi:
- - Aha... Dedim, zəhrimar aha, azar aha! Tez dönərimi gətirin, bir tikə zəhərlənib işə qayıdım. İndi müdür zəng eləyəcək ki, Mehdi, iki saatdır haradasan?! "İki saat" deyərkən də elə tonla deyir, elə bil iki aydı, iki ildi... ©Mehdi Mehdili