Türk Dövlətləri Təşkilatı “Türk Dünyası-2040” baxışı ilə yeni bir dövrə doğru irəliləməkdədir

AZƏRTAC xəbər verir ki, “Biz birlikdə daha güclüyük” şüarı ilə yayımlanan videoçarxda TDT-nin dünya üzrə 4,5 milyon kilometr ərazidə 300 milyon insanı əhtə etdiyi və bu dövlətlərin ümumi valyuta büdcəsinin 4 trilyon dollara çatdığı vurğulanır.

Videoçarxda bildirilir ki, Türk dünyası artaraq, güclənərək, varlanaraq birliyinə davam edir. “Türk Dövlətləri Təşkilatı” Orta Asiya, Qafqaz, Anadolu, eləcə də Avropadan dünyanın dörd yanına yayılan güclü qardaşlıq bağının adıdır. İlk addımlarını 1992-ci ildə atan TDT 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə güclü quruluşuna sahib oldu. İstanbulda 2021-ci ildə keçirilən tarixi Zirvə Görüşündə qurumun adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tam üzv, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatı müşahidəçi qismində təşkilatda yerini alıb. İstanbulda daimi katibliyi, Budapeştdə isə Avropa Ofisi olan TDT üzv və müşahidəçiləri arasında siyasətdən iqtisadiyyata, nəqliyyatdan gömrüyə, enerjidən kənd təsərrüfatına, təhsildən gənclik və idmana, rəqəmsallaşmadan ədalət və təhlükəsizliyə, mədəniyyətdən turizm və sağlamlığa qədər 30-dan artıq fərqli sahə üzrə çoxistiqamətli əməkdaşlığı həyata keçirir.

Qeyd olunur ki, təşkilat Türk Ticarət və Sənaye Palatası, İnvestisiya Fondu, Transxəzər nəqliyyat dəhlizi, Sağlamlıq Elmi Şurası, modern İpək Yolu, Qardaş limanlar və Tabarruk Ziyarət layihələri, Türk Universitetlər Birliyi və Orhun Dövrü, gənclik və idman layihələri kimi bir çox fərqli istiqamətdə üzv və müşahidəçilərinin rifahı üçün fəaliyyətini davam etdirir. Təşkilatın bütün layihələri regionda və bölgəmizdən kənarda sülh və inkişafı təşviq etmək, eləcə də sosial-iqtisadi inkişafı artırmağı hədəfləyir. Təşkilatlanma prosesini konkret nailiyyətlərlə tamamlayan Türk Dövlətləri Təşkilatı “Türk Dünyası-2040” baxışı ilə əməkdaşlıqların daha da dərinləşməsinin hədəfləndiyi yeni bir dövrə doğru irəliləməkdədir. Təşkilat Türk dünyasının ortaq gücünün rəmzi və sarsılmaz həmrəyliyinin məhsuludur.