VAQİF SƏMƏDOĞLU Şeirləri /85

Media6.az  Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibəti ilə seçilmiş şeirlərini təqdim edir:

Uzaq yaşıl ada

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

Sevgilim, mən öləndə

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

 

***
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!

 

***
Məzara bənzəyir yaxşı insan...
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya...

 

***
Səssiz-səmirsiz olmaq,
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi...

Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç...

Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı...

Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin...

 

***
Hamıdan yorğun
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada...
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya...
2000

***
Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni,
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni...

 

***

Tüfəng olan dünyada 

Vurmaq bir yana 

Vurulmaq günahmıdır?

Səhər axşam Allahı

Duayla yora yora

 Onunla həmdərd olub

Yorulmaq günahmıdır?

Boğazından son nəfəs,

 çıxan an günahmıdır?

 Lap indicə doğulmuş

bir uşağın nəfəsi

başlanan günahmıdır?

 

***
Ağlatma.
Nə dil de, nə ağı,
Nə də mərsiyə oxu.
Aca dəymə, tərpətmə toxu. 
Qoy hər şey, hər kəs 
Öz yerində qalsın.
O göyərçini də ürkütmə, 
Qoy dursun o budaqda.
Tərpətmə bu dünyanı,
Bilmək olmaz 
Altında nələr yatır...
 
***
Qoyunlar
qəssabı tanıyırlar. 
Bir kişi
on beş bağın
qoyununu kəsirdi. 
Qohumuna, dostuna, 
nisyəsinə, nəqdinə. 
Qəssab gələndə, 
bıçaq görünəndə, 
qoyunlar dayanırlar, 
yeri tappıldadırlar...
 
Tap...
 
Tap...
 
Tap...
 
Kabab,
 
qutab...
 
Tap...
 
Tap...
 
Tap...
 
Bir qara qoça 
deyirdim asta:
Qoyun olma, çıxış yolu tap...
 
Tap... Tap...
 
Tap...
 
***
 
Bağışla, İlahi,
 
yatmaqdan qabaq,
 
yuxuya getməkdən öncə
 
dua eləmirəm Sənə.
 
Mən yuxuda
 
dua eləyib
 
oyanıram, İlahi...
 
***
Yağış yaxşı şeydir, 
dünyada yoxsul ayaqqabısı olmasa. 
Günəş yaxşı şeydir, 
altında kimsəsiz meyit olmasa. 
Sudan yaxşı nə var ki? 
Ölkədən ölkəyə sərhəd, 
həyatdan bezənə 
gedim yolu olmasa. 
Dünya yaxşı şeydir, 
müharibəsi, nadanlığı, 
bir də 
standart evləri olmasa...
 
 
***
Dünya bilsə,
içimdə gizlənən 
arzular nədir, 
ümidlər nədir,
onda vay canım, 
onda hayıf sənə Azərbaycanım..
 

Təqdim etdi: Nicat Məmmədov
MEDİA6.AZ