AFFA liqada 7-ci sırada olan kluba sankisayalar tətbiq edə bilər.

Media6.az Sportinfo.az"a istinadən xəbər verir ki, I Liqanın ən qalmaqallı mənsubu olan “İrəvan”a sanksiya tətbiq oluna bilər. Aylardır başı üzərində qara buludlar dolaşan debütant artıq belə bir real təhlükə ilə üz-üzədir.
Biabırçı idarəçiliyi, maxinasiya əməlləri, oyun alqı-satqısı faktları ilə uzun müddətdir medianın gündəmini zəbt edən klub növbəti öhdəliyi yerinə yetirməyib.


Buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir.


AFFA Oyunçuların Statusu və Transferi Komitəsi martın 19-da yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib. Komitə həmin vaxt açıqlamışdı ki, mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər. Məsələyə aydınlıq gətirən AFFA-nın mətbuat xidmətindən bildirilmişdi ki, belə hallarda müddət tamamlandıqdan sonra futbolçu növbəti dəfə müraciət ünvanlayır. Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.


Əldə etdiyimiz son məlumata görə, «İrəvan» başbilənləri problemin həllinə barmaqarası yanaşıb. Onlara şifahi formada bir neçə dəfə müraciət olunsa da, yenə yerlərindən tərpənməyiblər. Şikayətçi tərəflərin borcundan 1 manat da qaytarılmayıb. Bu da o deməkdir ki, AFFA-nın tələblərinə məhəl qomayan aşağı liqa mənsubu barədə sərt tədbirlər görüləcək. İnanmırıq ki. federasiyanın yeni rəhbərliyi bu sayğısızlığı görməzdən gəlsin, şəffaf fəaliyyət göstərəcəklərinə dair ümidləri puça çıxarsın. Güman edirik ki, özlərini bu qalmaqallı işdən ötrü «xərcləməyəcəklər». Düz nədirsə, o istiqamətdə də qərar verəcək, ayrı-seçkilik salmayacaqlar. Ən doğrusu da bu olardı elə.

Oxşar xəbərlər