Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr kollecinin tələbələri Ç.Aytmatovun “Erkən gələn durnalar” əsəri əsasında eyniadlı səhnə işini təqdim ediblər.
Sonra T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələrinin ifasında F.Q.Lorkanın “Bernard Albanın evi” tamaşası maraqla qarşılanıb.
Bağlanış mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlıya, dOM Teatrının bədii rəhbəri, rejissor Tərlan Rəsulova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının pedaqoqu Madina Kulseitovaya, münsiflər heyətinin sədri İsrafil İsrafilova, münsiflər heyətinin üzvləri Murat Atak, Meruyert Jaksılıkova və Janış Kulmanbetova ADMİU adından təşəkkürnamələr təqdim edib.
Münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov çıxış edərək festivalın böyük uğurla keçirildiyini, göstərilən bütün tamaşaların bir-birindən maraqlı və diqqətəlayiq olduğunu deyib.
Sonra “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının qısa icmalı təqdim olunub.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
Münsiflərin qərarına əsasən, Türkiyənin Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyası (J.Tardyö “Bilet kassası”) “Ən uğurlu aktyor dueti”, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu (Ü.Hacıbəyli “Arşın mal alan”) “Ənənəyə sadiqlik”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (S.Şendil “Qanlı Nigar”) “Ən yaxşı aktyor ansamblı”, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (F.Q.Lorka “Bernarda Albanın evi”) və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci (Ç.Aytmatov “Erkən gələn durnalar”) “Ən yaxşı tamaşa” nominasiyaları üzrə qalib olublar.
Tədbir Ü.Hacıbəylinin “Cəngi” əsərinin sədaları altında rəqslə yekunlaşıb.