Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.
AZƏRTAC xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində mayın 23-də Türkiyənin Azərbaycandakı səfirliyində də tədbir təşkil olunub. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ölkəsinin zəngin ənənələrindən danışıb.
Səfir vurğulayıb ki, "Türk mətbəxi həftəsi” ölkəmizin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdan bir nümunədir.
C.Bağçı Ege bölgəsinin təamlarından bəhs edib və bölgənin zeytun və pendirləri, tarhana şorbası, paxlalı püresi və digər ləzzətli yeməkləri ilə məşhur olduğunu deyib.
Tədbirin sonunda Ege mətbəxinin təamları təqdim olunub.