“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Qız qalası əfsanəsi” tammetrajlı səssiz bədii filminin 100 yaşı tamam olur. Bu, Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ) Dövlət Kino Fabrikinin bazasında çəkilmiş ilk sovet Azərbaycan filmidir.

Media6.az xəbər verir ki, 1923-cü ilin mayında tamamlanan “Qız qalası əfsanəsi” ilk dəfə yalnız bir ildən sonra – 1924-cü il mayın 27-də tamaşaçılara təqdim edilib.

Bu gecikmə texniki çətinliklərlə əlaqədar olub. 1924-cü ildə “Kinoqazeta”da dərc olunan “Əfsanə necə çəkilirdi” adlı müsahibəsində rejissor Vladimir Ballüzek deyib ki, çəkilişlər çətin şəraitdə aparılıb. Bakıda nə studiya, nə laboratoriya, nə texniki qurğular, nə də peşəkar artistlər var idi, buna görə də, rejissorun etiraf etdiyi kimi, “ayrı-ayrı aktyorların olmadığına görə kütlədən istifadə etmək məcburiyyətində qalırdıq”. Onun sözlərinə görə, “Şərq izdihamı çox coşqun olduğuna görə bu, tamamilə mümkün idi”.

Başqa bir problem ondan ibarət idi ki, Vladimir Ballüzek Azərbaycan xalqının tarixini yaxşı bilməmiş, onun mədəni ənənələrindən və həyat tərzindən o qədər uzaq idi ki, açıq-aşkar “Şərq saxtakarlığı” yaratmışdı. Milli koloritin yanlış şərhi ona gətirib çıxardı ki, XII əsrin tarixi memarlıq abidəsi ilə bağlı qədim Azərbaycan xalq əfsanəsi haqqında film, rəyçilərin yazdığına görə, “burjua filmləri ruhunda” lentə alındı.

Tənqidlərə baxmayaraq, 55 dəqiqəlik səssiz film maraqlı alındı və tamaşaçılar arasında populyarlıq qazandı.

Filmdə hərbi yürüş səhnələri ətraflı təqdim olunub: qalanın mühasirəsi, əsirlərin tutulması, qulların və mal-qaranın qaçırılması, həmçinin xanın saraydakı dəbdəbəli həyatının atributları: fəvvarələr, xalçalar, yelpiklər, xan və onun ətrafının taxt-rəvan və zəngin geyimləri ətraflı şəkildə təqdim olunur.

Film ekrana çıxandan sonra müəllifə əsərin "böyük qüsurları" göstərildi. O, “antikinematoqrafik gözəlliyə" meyillilikdə və bəzi səhnələrin "zövqsüz, kobud şəkildə göstərilməsində” günahlandırıldı. Rəyçilər süjetin aktuallığına şübhə ilə yanaşdılar, rejissoru süjetin əsası kimi müasirliklə əlaqəsi olmayan bir Qız qalası haqqında romantik əfsanə götürdüyünə görə qınadılar. "Onu kim belə hazırlayıb (süjet – red.) ki, hətta sosial yanaşmaya (köləlik, məhkəmə) işarələr mənasız sevgi səhnələri ilə silinir? AFKİ filmlərin istehsalına sosial baxımdan əhəmiyyətli, vacib mövzulardan başlamalı idi, məsələn, "Edam 26", "Qara qan" (neft)", – deyə “Kinoqazeta” qəzeti 1924-cü ilin aprelində "Qız qalası əfsanəsi" məqaləsində yazıb.

Lakin dağıdıcı məqalələrə baxmayaraq, film bütün kassa rekordlarını qırdı. Məhz bu filmdə gələcək Xalq artistləri Mövsun Sənani və Ağasadıx Gəraybəyli, gələcək Əməkdar artist Rüstəm Kazımov ilk rollarını oynayıblar. Filmdə Hənəfi Teregulov, İsmayıl Hidayətzadə, Yevgeni Muromski, İbrahim Azəri, Rza Dərəbli, Ələkbər Hüseynzadə də çəkiliblər.

Vladimir Ballüzek təkcə rejissor kimi deyil, həm də filmin quruluşçu rəssamı kimi də çıxış edib, ssenari müəllifi N.Breslav-Lurye, quruluşçu operator Vladimir Lemke olub.

Film 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Hüseyn Mehdiyevin layihəsi əsasında və Rusiya Dövlət Film Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında bərpa edilib.

Film aşağıya qeyd edilib.

https://www.youtube.com/watch?v=NgqTSXNaST4