Ədəbiyyat və fəlsəfənin dil müstəvisində fərqləndirilməsi - yazdı İsmayıl Xanməmmədli

Ədəbiyyat və fəlsəfənin birlikdə interpretasiyası, olduqca mürəkkəb və dərin mövzulardan biridir. Mövzunun hansı müstəvidə irəlilədilməsi, onun produktivliyinə də təsir edə bilər. Bu səbəbdən mövzunun sərhədləri, sadəcə iki sahə arasında olan dilin fərqliliyi çərçivəsində məhdudlaşdırılıb.

Fəlsəfə, anlayışlarla, hökm və əqli nəticələrlə - yəni məntiq ilə - mövcud olur. Fəlsəfə ən ümumini nəzərə aldığı üçün, riyaziyyat kimi abstraktdır. Anlayışlar isə məhz obyektlərin ümumi və mühüm cəhətlərini özündə ehtiva edir. “İnsan”, “Azadlıq”, “Ədalət”, “Canlı” və s kimi sözlər, anlayışlar hesab olunur. Hökmlər isə, hal-hazırda şərh olunan mövzunun əsas hissəsidir. Lakin, hökmün nə olduğunu və ədəbi, fəlsəfi dilin fərqliliyini misal üzərindən göstərmək məqbuldur. “Yaşıl alma” və “Alma yaşıldır” dedikdə, aralarında var olan fərqliliyi bəlkə də görmək mümkün deyil. Amma onlar arasında iki sahənin dilinin fərqli tərəflərini anlamaq üçün yetərincə müxtəliflik ehtiva olunur. Belə ki, hökmlər məntiqdə istifadə olunur, onlara cavabında hə və ya yox deyə bilərik. Bu səbəbdən ikinci qeyd etdiyimiz ifadə, hökm hesab olunur. “Yaşıl alma” dedikdə isə, cavabında hə və ya yox deyə bilmirik. Çünki hökm deyil, bir mühakiməyə sahib deyil. Fəlsəfənin dili bu səbəbdən, məntiq hesab olunur. Məntiq nəticəsində fəlsəfə, sözlərdən azad olub anlayışlara yüksələrək hökm və əqli nəticələr yaradır. Lakin ədəbi dil, bunu tələb etmir. Ədəbiyyat təşbehlər, epitetlər, mübaliğələr və s-dən istifadə edən sahə olduğu üçün, ondan bu cür çərçivəyə uyğunlaşmasını da gözləyə bilmərik. Ədəbi dili fəlsəfədən ayıran bir çox nüans olsa da, ən başlıcası məhz budur. Gözəl şeir və ya roman oxuduqda, hər şeyin məntiq qaydalarına uyğunlaşmasını tələb etmirik. Fəlsəfə də isə belə bir tələb var. Belə ki, “Eşq”i filosof başqa, şair isə başqa cür interpretasiya edəcək. Filosof “Eşq” deyəndə onu anlayış olaraq diqqət mərkəzində saxlayıb, onu şərh edəcək. Şair isə, yaşadığı və ya bəlkə də yaşamaq istədiyi “Eşq”dən bəhs edəcək. Ancaq heç bir zaman öz şeirində məntiqi ardıcıllıq gözləməyəcəkdir.

Nəticə etibarilə fəlsəfə, ədəbiyyatla nə qədər iç-içə sahə olsa da, bir-birindən olduqca fərqli tərəfləri də vardır. İki yad dildə danışan insan necə ünsiyyətdədirsə, ədib və filosof da həmin münasibətdədir.