Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə 17-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri baş tutacaq. Bu sərgilər çərçivəsində “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Bu barədə AZƏRTAC-a “Caspian Event Organisers” şirkətindən məlumat verilib.
“Qızıl Şah” Milli Kulinariya Çempionatının təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi və bir sıra özəl şirkətlər çempionatı aktiv şəkildə dəstəkləyirlər.
2024-cü ildə ilk dəfə olaraq bu çempionat çərçivəsində “Beynəlxalq Kubok” keçiriləcək. Ümumilikdə çempionatda 8 beynəlxalq komanda, 24 yerli komanda və 100-dən çox fərdi iştirakçı çıxış edəcək. Üç gün davam edəcək çempionatda 200-dən çox iştirakçı ət, balıq, quş, restoran desertləri, art-klass və s. kateqoriyalar üzrə yarışacaq.
Çempionatın münsiflər heyətində Almaniya, ABŞ, Böyük Britaniya, İsveç, İsveçrə, İtaliya, Qırğızıstan, Monteneqro, Pakistan, Rusiya, Sloveniya, Serbiya, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Xorvatiya və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (Worldchefs) hakimləri təmsil olunacaqlar. Onların sırasına məşhur şef, İtaliya Kulinariya Olimpiya komandasının kapitanı Domeniko Maggi, Milli Aşpazlar Gildiyasının və bir çox beynəlxalq peşəkar assosiasiyaların fəxri üzvü Nikolay Baratov və digər məşhur və önəmli aşpazlar daxildir.
Bundan başqa, Milli Kulinariya Çempionatı çərçivəsində yarışlar zamanı müxtəlif ustad dərsləri keçiriləcək. “Worldchefs”dən gələn akkreditasiya olunmuş münsiflər çempionatın iştirakçıları və münsiflər üçün müxtəlif mövzularda seminarlar da təşkil edəcək.
Bu çempionat azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradacaq.