Buludları Rəngləyirik - Yazdı Nuran Yaqub

Bu yaxınlarda hansısa parkda skamyada oturmuşdum. Ətrafı izləyir, insanları müşahidə edirdim. Bir müddət özüm üçün qeydlər götürüb onları oxudum. Durmağa hazırlaşırdım ki, əyləşdiyim skamyanın yanına oturmağa hazırlaşan ana və oğlu gözümə sataşdı. Ananın təxmini qırx-qırx beş, oğlunun on bir-on iki yaşı olardı.  Aralarında güclü fikir mübadiləsi gedirdi. Balaca uşaq israrla nəsə danışmaq istəyirdi, amma anası əsla imkan vermir, ona suallar ünvanlayırdı. Mən də həmin hadisənin bir şahidi olum dedim və başladım danışılanları dinləməyə. Mənə deməyin ki, ayıbdı, niyə dinləmisən? Mən yazıçıyam, əlbəttə, insanların həyatından nələrsə götürməyə çalışacam. Nəysə, davam edək. Ana və oğlu skamyaya oturandan duranacan danışdılar. Balaca uşaq bir qədər düşündü və danışmağa başladı:
 -Ana, görəsən mən buludları da rəngləyə bilərəm? Axı mənim yaxşı rəsm qabiliyyətim var. 
-Sən yaxşı mühəndis olacaqsan, müəllimin də dedi ki, səndə o potensial var. 
Uşağın kefi xeyli pozulmuşdu. Qəmgin halda buludlara baxırdı. Mən əmin idim ki, o buludları rəngləməyi düşünürdü. Özü də ağ köynəyinin bir hissəsi boyaya batmışdı. Görünür, o, boyalarla işləməyi sevirdi. Başını qaldırdı, gözlərini yumdu və yenidən danışmağa başladı:
-Ana, mən mühəndis olmaq istəmirəm, mən rəsm çəkmək, boyalarla oynamaq, yeni rənglər yaratmaq istəyirəm. Heç düşünmüsən ki, mən səni necə çəkərəm? Gözəl çəkərəm, elə deyil? Axı sənin özün də gözəlsən!
Uşaq anasına şirinlik edərək, gözlərini qıyaraq baxırdı. O düşünürdü ki, bu hiyləylə anasını ələ ala biləcəkdi. Anası gülümsəyərək saçlarını öpdü, amma etiraz dolu səslərlə yenidən danışmağa başladı: 
-Sən məni gözəl çəkərsən, amma yaxşı mühəndis də olarsan. Yaxşı işin olar, eləcə də, yaxşı ailən. Sənin üçün ən yaxşı rəsm budur.
 
 
Uşaq həvəsdən düşdükcə elə bil mənim qol-qanadımı qırırdılar. Qanı qara kimi oturub uşaqla anasının söhbətlərinə qulaq asırdım. Elə bil uşağı yox, məni danlayırdılar. Əgər özümü görüntü ilə təsvir edə bilərəmsə, düşünün ki, bir uşaq var amma dondurması əlindən yerə düşüb. Canlandı gözünüzdə? Hə, bax o uşaq necə qəmgin dayanıbsa, mən də elə. 
 
Bir müddət sonra ana ilə oğlu getdilər. Amma mən daha bir saat orada oturdum. Fikir elə aparmışdı ki məni, gəmilərimi dənizdə batırsaydım, daha az qəmgin olardım yəqin ki. Evə qədər tək yeriyib eşitdiklərimi düşündüm. Buludları rəngləməyi düşünən bir uşağın mühəndis olması istənilirdi. Bu hadisənin məni bu qədər incitməsinin səbəbi, bəlkə də, özümün də o mərhələdən keçməyim olub. 
 
Yadıma gəlir ki, mən də imtahanlara hazırlaşan zaman yazıçı olmaq istədiyimi bilən müəllimim mənə çox əsəbiləşmişdi. Mən otağın girişində qapı tərəfdə əyləşmişdim. O isə pəncərənin önündə. İşıq düşürdü deyə mən onunun üzünü aydın görə bilmirdim, amma səs tonundan əsəbi olduğunu başa düşürdüm: 
 
-Özünə yaxşı ixtisas tap, yazıçı nədir axı, nə işləyəcəksən sən?- deyə məni danlayırdı. Həmin gün gözümdən axan bir damla yaş dərsliyin üzərinə töküldü. Həmin səhifə isə indi yerindən qopardılmış, bir dəftərçənin arasında qələbəni gözləyir.  
 
Məsələ burasındadır ki, incəsənətə, yaradıcılığa meyilli olan uşaqları saat doqquzdan-altıya işinə uyğun hesab edirdilər. Halbuki, yaradıcılığın vaxtı olmur. Axı buludları rəngləməyin vaxtı olar?!
 
 
 Bu gün cəmiyyətimizdə incəsənətə qarşı yaranan önyarğı xoşbəxt olmayan gələcək yetişdirir. Ətrafımda o qədər bununla mübarizə aparan gənc var ki! Ömründə rəsm kursuna getməmiş, heç nə öyrədilməyən amma əla rəsmlər çəkən nəfər tanıyıram ki, həvəsini elə qırıblar...Hərdən ona baxanda içimdən pıçıldayıram ki, təbin elə gəlsin ki, şəkil çəkməyə məcbur olasan. Düzü, onun bundan xəbəri yoxdur, ona bu haqda açanda tez küsür, inciyir. 
 
Bütün danışdıqlarımdan sonra bir sual yaranır. İnsanlar niyə incəsənətə dəyər vermirlər? Onun incəliyini, istedadını niyə görmürlər? Cəmiyyətin əsas hissəsini elə incəsənətlə məşğul olan, onun üçün doğulan insanlar təşkil edir. Onların da qolunu-qanadını sındırıb qoyuruq bir işə. Yazmaq istədiklərim çoxdur, danışmaq istəyim isə yoxdur. Ona görə yazımı Samuel Batlerin cümləsi ilə bitirmək istəyirəm:
 “Əgər incəsənət adamı pula görə işləməyə başladısa, yaxşı əsərlərə olan ümidiylə vidalaşmalıdır.”
 
- Nuran Yaqub