"Bir gün Səbinəgildə" - Yazdı Heyran Zöhrabova

Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. Bu günün bazar günü və havanın da çox gözəl olmasından istifadə edib Səbinəgilə yollandım. 
Qapını balaca Fuad açdı.
- Salamm,– deyə gülümsədim.
Mətbəx qapısından boylanıb gələnin mən olduğunu görən Səbinə gülər üzlə:
- Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim,– dedi.
Səbinənin qaynanası Həcər xala da məni görcək:
- Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir?,– deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.
Fuad əlimdən tutub şirin danışığı ilə:
- Gəl, Mələk xala,– deyərək məni arxası ilə aparıb divanda - Həcər xalanın yanında yer göstərdi.
Təbəssümlə onun başını oxşayıb:
- Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz?,– deyə cavab verərək göstərdiyi yerdə əyləşdim.
- Həmd olsun, qızım Allahın köməkliyi ilə  dolanıb gedirik yavaş-yavaş.
- Bax, Mələk xala, Mirzə də bizdədir,– deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:
- Necəsən, Mirzə?
- Yaxşıyam,  yaxşıyam, mən yaxşıyam, sən necəsən?
- Sağ ol Mirzə,  yaxşı olasan, mən də yaxşıyam.
Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.
Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o, sözə baxan, eyni ilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.
Az sonra: "Hə, çaylar da gəldi",– deyərək Səbinə əlindəki çay podnosunu stolun üzərinə qoydu.
Çay içib bir az ordan-burdan danışıb, hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.
- Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək, Gülnarın neçə qələmi oldu?– deyə Fuada müraciət edib ardınca soruşdum:
- İki üstə gəl bir, neçə edir ?
- Üç.. üç edir, mən bilirəm,  üç edir,– deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb gözlərimi döydüyümün fərqinə varıb təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən?– dedim.
Bir neçə məsələ daha həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.
Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:
- Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.
- Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.
- Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?
- Bəli, bəli yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.
- Hə, inşallah, qızım, inşallah.
- Həcər xala, olar sizdən bir söz soruşum?
- Əlbəttə, qızım, buyur.
- Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.
- Çox təccübləndim açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?
- Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala  mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.
                                          
 
***
- Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.
Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.
-Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.
Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, digər ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı daha vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.
Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.
-Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.
Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.
-Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə bəlkə o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər bir təhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da evləndi, yazıq balam dilinə, bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.
 Eşitdiklərimin təsirindən donub qalmış nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.
Mirzə hər şeydən xəbərsiz vurduğu qolun sevincini yaşayırdı.