"Hamı dünyaya fərd olmağın nə olduğunu anlamadan gəlib. Çünki cəmiyyətə mənsub olmağın, ona təslim olmağın instinktiv bir rahatlığı var. Biz hamımız bura elə-belə gəlib düşmüşük, fərqində deyilik. Niyə? Çünki cəmiyyət bizə çox asan bir həll verir: təslim olmaq. Fərd olmaq? Yox, çox sağ ol, heç başım ağrımasın. Elə oturub hamı kimi yaşamaq yaxşıdır. Bax, sivilizasiya dedikləri şey əslində səni balaca, incə divarlarla əhatə edib tərpənməyə qoymayan bir həbsxana qurmaqdan başqa bir şey deyil. "Yenilik" deyirlər, "inkişaf" deyirlər. Bəs nə olur? Bizim beyinlərimiz hər dəfə bir az da bərk qandallanır, heç xəbərimiz də olmur. İndi bəziləri sual verə bilər: "Axı cəmiyyət adamın fərd olmasına necə mane ola bilər?" İnsanı həmişə bir "həqiqət" axtarmağa məcbur edir, səni normaların dalınca düşdürür. Yəni, normadan kənar nə varsa, əcaib bir şeydir, deyirlər.
Elə bir nizam qurulub ki, çoxluğun fikri həmişə "düzgün" olur, əksəriyyətin dediği "doğru" olur. Axmaqlıq istedad sayılır, tərpənməyənlər isə müdrik! Sorğulamırsan, amma danışırsan, danışdıqca da hamı səni dinləyir. Əcəb mükəmməl sistemdir, düzdür? Hərənin bir fikri var, amma bu fikirlərin arxasında heç nə yoxdur. Bilirsənmi, niyə? Çünki indi "İnformasiya Dövrü"ndə yaşayırıq! Amma ironiyaya bax ki, bu dövr əslində cəhalətin qızıl dövrünə çevrilib. Bəli, hamı hər şeyi bilir, amma heç kim bir şey başa düşmür. İnternetdən öyrəndiklərimiz başdan dolu gəzdirir, amma daxil bomboş qalır. Sosial mediadakı maskalar isə əsl kimliyimizi yavaş-yavaş silir, unuduruq. Qaçırıq saxta uğurların, bəyənmələrin, parlaq, göz oxşayan dəbdəbələrin dalınca. Bax, faciə də buradan başlayır: heç kəs bu çürümənin fərqinə varmır. Öz yalanlarının içində rahatlana-rahatlana yatırlar. Problem həqiqətə göz yummaqdır. Kimə lazımdır həqiqət? Yalanlarımız yetər bizə! Üsyan isə çox uzaqlarda qalıb, yad bir söz olub.
Azadlıq? Yox, o heç gərək deyil, çünki azad olmağın bir böyük "dərdi" var: özün olma cəsarəti. İndi soruşuram, bu cəsarəti kim tapıb? Bu dövrdə, bu saxta xoşbəxtliklərin içində özü ola bilən neçə nəfər var? Gəlin, ciddi düşünək... ya da heç nəyi düşünməyək, onsuz da bizdən istədikləri də elə budur!"
- Müjgan ƏHMƏDZADƏ