Əziz Şuşa, sən azadsan, ruhum kimi - yazdı Nuran Yaqub

Ayaq səslərim ürək döyüntülərimə qarışırdı. Havanın soyuqluğuna inad alnımdan axan tər yerlə görüşür, gurultulu səs çıxardırdı. 28 il öncə çıxdığım bu şəhər indi mənə doğma gəlirdi. Duman hər tərəfə yayılmış , göz gözü görmürdü. Şuşanın azadlığından neçə saat keçirdi unutmuşam. Addımlarımı atdıqca doğma bir ətir ətrafıma yayıldı. Bu sanki son dəfə qucaqlayıb bu şəhəri tərk elədiyim anamın ətri idi. Bir az daha yeridikcə düşüncələrim çiyinlərimə ağırlıq edir, addımlarım çətinləşirdi. Cıdır düzündə dayanaraq başı dumanlı dağlara baxdım. Səsimə kimsə hay verəcəkmiş kimi dağlara doğru danışmağa başladım: 

 
-Ey Şuşa, mən gəlmişəm. Qəfəsinin açarları məndədi. Kökü quruyan ağaclarının toxumları məndədi. Qız-gəlinlərin göz yaşını sildiyi dəsmalları məndədi. "Kəfənim bayraq olsun!" Deyən bir əsgərin qanlı bayrağı məndədi. Xatirələr məndədi, bir xalqın qan yaddaşı məndədi. Bir uşağın ata deyişi məndədi. De, nə var səndə? Son qəhqəhəm səndədi, ana qayğım səndədi. Ata məsləhətim səndədi, yalın ayağım səndədi, xəyallarım səndədi, ilk sözüm ilk söhbətim səndədi. De, nə var məndə? Bir ananın oğul həsrəti məndədi, bir ailənin yarım qalmış xoşbəxtliyi məndədi. Arəstənin uşağının ana hicranı məndədi. Bu xalqın nəyi varsa məndədi. Nə var səndə? Nədir axı sənin kökünə bağlayan məni? Qanlı torpaqda bitən Xarıbülbülün ətri nədir axı. Anamın son səsinin cingiltisi nədir belə? 
 
Susurdum. Bu səssizlik qulağımı batırırdı. Bu daş, bu qaya dilə gəlsin, danışsın istəyirdim. Səsimə səs versin istəyirdim! 
 
-Ey Mərd!- bir anlıq riqqətə gəldim. Bu səs haradan gəlirdi? Həqiqətən məni səsləyən bu dağlar idi? 
 
-Sənmisən təkcə dərd çəkən? Bağrına dağ basılan təkcə sənmisən? Özümdən razılıqla danışdığım gözəlliyim, sərvətim faciəmə çevrildi. Bir xalqın bağrına basılan dağ sənin məni ayağı yalın tərk elədiyin gün dağıma dağ basdı. Sənin ailəni itirdiyində gözündən tökdüyün yaş, mən xalqımı itirəndə töküldü buludlarımdan. Üstümdə gəzən yad ayaqlar, danışılan yad dil, yad xalq mənə əzab verirdi. Heç düşünmədin ki, incidimi məndən? 
 
Birdən elə bildim ki, təkcə mənim üstümə qar yağdı və mən uçqunun altında qaldım. Amma bədənim qarın soyuğuna zidd od kimi yanırdı.  Dediyim sözlər-hamısı boğazıma 
yığılırdı. Günahlandırdığım Şuşanın çəkdiyi dərd, keçdiyi günlərin hamısı bir-bir xatirələrimdə canlanır, məni daha da ağırlaşdırırdı. Çiyinlərinə öz əllərimlə qoyduğum günahlara görə Şuşanı ittiham edirdim. Axı bizim çəkdiklərimizi ən azı o da yaşamışdı. 
 
Heç gözləmədiyim bu cavab, bu yanıqlı səs ürəyimə işləyirdi. Damağım bir uşağın çiçəklərim soldu deyib su istədiyi kimi qurumuşdu. Nə cavab verəcəyimi seçə bilmədim. Sözlər, cümlələr düşüncələrimə ağırlıq edirdi. Nəhayət danışmağa başlayanda bir addım önə gəldim:
-Əziz Şuşa, doğma şəhərim, daşının torpağının uğruna neçə-neçə şəhidlər verdiyim. Hər adın çəkiləndə qanayan ürəyim damla-damla axardı, tökülərdi gözlərimdən. Ağlandınmı mənim qədər? Ah-nalən balasını itirmiş ananın naləsi qədər inlətdimi qara daşını, torpağını? İncidinmi məndən? Pənahəli xanın əmanət etdiyi səndə, qız-gəlinlərin su apardığı İsa Bulağında, igidlərin at çapdığı Cıdır düzündə yad-düşmən səsi eşidilirmiş. Hər addımları bir əzab, əziyyət idi sənin üçün.
 
Əziz Şuşa, təkcə sənin üçün yox, Xan qızı Natəvanın qızıl gülləri üçün, babamın əmanət etdiyi, səndən başqasına açmayan Xarıbülbül üçün darıxmışdım. Bu neçə ildə çox düşündüm. Ayağıyalın keçdiyim bu yollara haçansa qayıdacam dedim, haçansa görüşəcəyik, bu həsrət haçansa bitəcək. Bu gün isə azadlığını qazanan cismim səni kövrək hisslərlə, bəzəkli cümlələrlə təbrik edir.
 
Nəfəsim kəsilir sanki bu anı gözləyirmiş kimi yağış yağırdı. Yaşlar gözümdən çənəmə doğru yol çəkir, getdiyi yollarda bir iz qoyurdu. Azadlığı üçün gücümü ortaya qoyduğum torpağın üzərində indi dizlərim əsirdi.  Qırıq-qırıq nəfəsimin arasında təkcə Şuşanın və mənim eşidəcəyim tərzdə pıçıldadım.
 
-Əziz Şuşa, sən azadsan, ruhum kimi.
 
- Nuran YAQUB